Minifutbol birinciliyinin qalibi məlum olub

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında minifutbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının  Gənclər və İdman Nazirliyinin dəstəyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Uşaq-gənclər idman məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 komanda iştirak edib. Oyunlar Uşaq-gənclər idman məktəbinin minifutbol meydançasında reallaşıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, komandalara bundan sonrakı idman həyatlarında uğurlar arzulayıb. Sonra mübarizəyə start verilib.

Nəticələrə gəlincə Naxçıvan Dövlət Universitetinin komandası birinciliyin qalibi olub. Naxçıvan Müəllimlər İnstitutu ikinci, Naxçıvan Dövlət Texniki Kollecin və Heydər Əliyev adına Hərbi liseyin komandaları üçüncü olublar. Adıçəkilən komandalar və üzvləri diplomla təltif edilib.

Birinciliyin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi və gənclərin sağlam həyat tərzinə cəlb olunması olub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti